Dekabr
ayının 24-də bir qrup Xocalı sakini Ağdama səfər edərək Şəhidlər Xiyabanını
ziyarət etdilər. Bundan əvvəl oktyabr ayının 14-də ziyarətimiz baş tutmuşdu. Bu
ziyarətin təşəbbüskarlarından və təşkilatçılarıdan biri olan Qaçqınların və Məcburi
Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Goranboy rayonu üzrə Mənzil-Kommunal
İstismar Sahəsinin rəisi Seymur Çobanov hər bir sakinin şəhidlərimizin ziyarət
edilməsi istəklərinə həssaslıqla yanaşır, səfər ərəfəsində ziyarətçilərlə
maraqlanır, təhlükəli yerlərə yaxınlaşmamaq üçün məlumatlandırırdı. Savab bir
işə vəsilə olan Seymur müəllimə öz adımdan minnətdarlıq edirəm. Elimizin belə dəyərli,
vətənpərvər oğulları həmişə var olsun...
İkinci
ziyarətimizdə də eyni təəssüratı, eyni kədəri yaşadıq. Sevinclə kədərin
qarışdığı bir məkanda doğma Xocalımıza da sədamız çatacaq qədər yaxın idik. Yenə
şəhidlərimizin məzarlarını müəyyənləşdirməkdə çətinlik çəkdik. Yenə də
Qaraqayaya, Naxçıvanlı kəndinə tərəf baxaraq dərindən köksümüzü ötürdük. Xocalı
soyqırımı, o müsibətli günlər kino lenti kimi gözlərimizin önündə canlandı.
Ağdamın Cümə Məscidinin qarşısında ümidlə doğmalarından xəbər gözləyən baxışlar
bir daha yollara boylandı. Sözsüz ki, ömrümüzün axırına kimi Xocalı ağrısı
bizim qəlbimizi dağlayacaqdır. Viran edilmiş qəbirlərin başında şəhidlərimizin
yaxınları göz yaşları axıdaraq qəmli bayatılar söylədilər. Xocalıların bu
ah-nalələri qarşıdan gələn fevral ayında daha da yüksək ərşə qalxacaq, ürəkləri
parçalayacaqdır.
Yurd
həsrəti çəkən, şəhidlərimizin məzarlarını görmək üçün ürəkləri yanan xocalılara
bu ziyarətlər təsəllidir. Buna görə də belə ziyarətlərin tez-tez təşkil edilməsini
və getmək imkanı olmayan sakinlərimizin də ziyarətlərinin gerçəkləşməsini
arzulayırıq.
Ağdamın
Şəhidlər Xiyabanında qəbirlər tanınmaz haldadır. Erməni quldurları bu yerdə nə
qədər fitnələr törədib, qəbirləri dağıdıb, şəhidlərimizin ruhlarını narahat
ediblər. Şükürlər olsun ki, artıq doğma və əziz ruhların dolaşdığı müqəddəs
yerləri ziyarət edirik. Bu görüşlərdə şəhidlərimizin ruhları da sevinir.
Bununla belə, bir çox qəbirlərin tanınmaz olması şəhidlərimizin doğmalarını hələ
də nigaran saxlayır. Xocalı sakinləri qəbirlərin tanınması və Şəhidlər
Xiyabanının bərpası üçün aidiyyəti orqanlardan köməklik istəyirlər.
Allah
bütün şəhidlərimizə rəhmət eləsin!
Qalib
BƏYMƏMMƏDOĞLU,Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri